Türkiyədəki prezident seçkilərinin 2023-cü il 28 mayda keçirilən ikinci turunun yekun nəticələri dərc edilməsi üçün “Resmi Gazete”yə göndərilib.
Az.shafaqna.com AA-ya istinadə xəbər verir ki, bu barədə Ali Seçki Şurasının sədri Əhməd Yener məlumat verib.
Onun sözlərinə görə, Mərkəzi Seçki Komitəsi (MSK) prezident seçkiləri ilə bağlı bütün şikayətlər və müraciətlər üzrə qərar çıxarıb.
“Türkiyədəki 28 may seçkilərində 52 milyoin 93 min 375 seçici iştirak etdi. İştirak səviyyəsi 85,72 faiz təşkil etdi. Xarici seçki məntəqələrində, o cümlədən də sərhəd məntəqələrində 1 milyon 930 min 226 min vətəndaş səs verdi. İştirak səviyyəsi 56,34 faiz təşkil etdi. 28 may seçkilərindəki ümumi iştirak səviyyəsi 84,15 faiz təşkil etdi“, – deyə Yener qeyd edib.
O deyib ki, ikinci tur prezident seçkilərinin yekun nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan 52,18% səs (27 milyon 834 min 589 bülleten), Kamal Kılıçdaroğlu isə 47,82% (25 milyon 504 min 704 bülleten) toplayıb.
“Bu məlumatlara əsaslanaraq, Türkiyə prezidenti olaraq Rəcəb Tayyib Ərdoğan seçildi“, – deyə Ali Seçki Komitəsinin başçısı əlavə edib.