2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.
Bu barədə “Az.shafaqna.com”a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.
Bildirilib ki, komandir heyəti ilə müasir döyüşdə taktiki fəaliyyətlərin hazırlanması və aparılması, hərtərəfli təminatın təşkili, müxtəlif ərazi və hava şəraitində bölmələrin və atəşin idarə edilməsi, eləcə də digər mövzularda yeni biliklərin aşılanması məqsədi ilə metodiki məşğələlər keçirilib.
Təlim metodiki toplanışın gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov toplanışın yekununda şəxsi heyət qarşısında çıxış edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.
Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.
Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.