Rəsmi Kiyevin NATO-ya can atması Rusiya ilə olan münaqişənin səbəbidir.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.
“Hər bir kəs, düşünürəm ki, səbəbi bilir. Səbəblərdən biri NATO-nun genişlənməsidir və digər çoxlu səbəblər. Mən bununla bağlı spekulyasiya etmək və ya Rusiya hakimiyyətindən sitat gətirmək istəmirəm, lakin səbəblərdən biri Ukraynanın NATO üzvü olmaqla bağlı iradə və məramı idi və buna görə də biz nəticəni görürük“, – deyə o qeyd edib.
Qaribaşvilinin bu sözləri qalmaqala səbəb olub, belə ki, Gürcüstan müxalifəti və bəzi Qərb siyasətçiləri onun bu sözlərini sərt tənqid ediblər.
Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri iradlara münasibət bildirərək deyib ki, müxalifət Rusiya-Ukrayna müharibəsinin başlama səbəbləri barədəki sözləri tənqid edərkən milçəkdən fil düzəldir.
“Baş nazir tam həqiqəti dedi, bu, yeni bir şey deyildi. Mən düşünmürəm ki, bunu kimsə birinci dəfə səsləndirirdi, hətta (Ukrayna prezidenti -) cənab Zelenskinin özü də deyirdi ki, NATO naminə müharibə başladacaqlar, döyüşəcəklər, geri çəkilməyəcəklər“, – deyə Qomelauri vurğulayıb.
Nazir bu cür fikirlərin dünya liderləri tərəfindən dəfələrlə səsləndirildiyini xatırladıb.
“Dünya liderləri dəfələrlə bu barədə danışıblar və cənab Baş nazir (Qaribaşvili) də eyni şeyi təkrar etdi… Bəzən müxalifət, təəssüf ki, müxalifət kanalları milçəkdən fil düzəltməyə çalırşırlar“, – deyə o qeyd edib.
Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze də Avropa Komissiyasının başçısı Ursula fon der Ləyyenin sözləri barədə xatırlatma edib.
“Ursula fon der Ləyyen ilk dəfə deyil ki, Rusiyanın Ukraynaya onun Avropa məqsədlərinə görə hücum etdiyini deyir. Bunadək siz xatırlayırsınız ki, Ursula fon der Ləyyen belə bir sözlər demişdi ki, ukraynalılar Avropa uğrunda ölməyə hazırdırlar… Dünən də eyni şeyi Qaribaşvili dedi“, – deyə Koxaxidze bildirib.