Az.shafaqna.com-un verdiyi xəbərə görə, Şimali Koreyanın kəşfiyyat peykinin orbitə buraxılışı uğursuz olub.
Koreya Mərkəzi Teleqraf Agentliyinin verdiyi xəbərə əsasən daşıyıcı raket mühərrikdəki nasazlıq səbəbindən Sarı dənizə düşüb. Agentlik bildirib ki KXDR Dövlət Kosmik İnkişaf Agentliyi “ciddi” qüsurları araşdıracaq. Pxenyan yaxın vaxtlarda ikinci peyki buraxmağı planlaşdırır.
Cənubi Koreya Baş Qərargahı Eocheong adasından 200 kilometr uzaqlığa düşən raketin bir hissəsini ələ keçirdiklərini bildirib.
Prezident yanında Milli Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üzrə fövqəladə iclas keçirib və Şimali Koreyanı raketə görə qınayıb.
Şuranın açıqlamasında: “Uğursuz olub-olmamasından asılı olmayaraq, bu buraxılış BMT Təhlükəsizlik Şurası qətnamələrinin açıq şəkildə pozulması və Koreya yarımadasında sülh və təhlükəsizliyə ciddi təxribatdır”.
Yaponiya Xarici İşlər Nazirliyi də ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri arasında telefon danışığı aparıldığını və tərəflərin raketin buraxılışını “qətiyyətlə pislədiklərini” qeyd edib.