Tbilisi və Moskva arasında heç bir siyasi münasibət yoxdur.
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.
Xatırladaq ki, 2008-ci il avqust münaqişəsindən – Kremlin Abxaziya və Cənubi Osetiyanı müstəqil kimi tanımasından sonra iki ölkə arasında diplomatik münasibətlər kəslib.
“Bizim son 10 ildə Rusiya ilə münasibətlərdə heç bir siyasi irəliləyişimiz yoxdur. Lakin biz əvvəldən dedik ki, Rusiya Federasiyası ilə iqtisadi və ticari əlaqələri bərpa edəcəyik və strateji dözümlülüklə bağlı dinc siyasət müəyyən etdik“, – deyə Qaribaşvili qeyd edib.
Üstəlik, hökumət başçısı deyib ki, siyasi dözümlülük yeganə məqsədə yönəlib – Gürcüstanın ərazi bütövlüyünün bərpasına.
Eyni zamanda da Qaribaşvili bildirib ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasının heç bir siyasi aspekti yoxdur.
“Uçuşlar iqtisadi ticarət münasibətlərinin bir hissəsidir və siyasətlə heç cür əlaqəli deyil“, – deyə o əlavə edib.
Qaribaşvilinin sözlərinə görə, iki ölkə arasındakı reyslərin bərpası və Moskva tərəfindən Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi Rusiyadakı gürcüstanlıların diasporasının və onların qohumlarının xeyrinə olacaq, Gürcüstan hökumətinin vəzifəsi isə öz vətəndaşlarına kömək etməkdir.
“Biz köçürmələr vasitəsilə Rusiya Federasiyasındakı diasporamızdan hər il yüzmilyonlarla dollar əldə edirik. Onlar (Rusiyadakı gürcüstanlılar) buradakı ailələrini saxlayılar, qohumlarına kömək edirlər, biznesi inkişaf etdirirlər. Biz bunu niyə qadağan etməliyik? Əksinə, bizim vəzifəmiz öz vətəndaşlarımıza kömək etməkdir“, – deyə o vurğulayıb.