Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Danimarka və Hollandiya Ukrayna ordusuna “F-16” qırıcılarında təlimlər keçmək üçün yaradılan Avropa koalisiyasına rəhbərlik edəcək.
Ukrayna Müdafiə Təmas Qrupu toplantısından sonra Ostin ABŞ Baş Qərargah rəisi general Mark Milli ilə birgə mətbuat konfransı keçirib.
Yığıncaqda Ukrayna ordusunun bəzi kritik qabiliyyət boşluqlarından danışdıqlarını qeyd edən Ostin “Ukraynanın ən təcili ehtiyacı qurudan, hava hücumundan müdafiə qabiliyyətidir. Bu Təmas Qrupu Ukraynanın hava məkanını müdafiə edə bilməsi üçün fəal işləməyə davam edəcək”, – deyə bildirib.
Ukraynalı pilotlara “F-16” qırıcıları üçün təlim verilməsi məsələsinin də müzakirə edildiyini ifadə edən ABŞ naziri, yaxın həftələrdə başlayacaq təlim üçün yaradılan Avropa koalisiyasına Hollandiya və Danimarkanın rəhbərlik edəcəyini qeyd edib.
İki ölkənin ABŞ və müttəfiqləri ilə təmasda bir təlim proqramı hazırlayacağını qeyd edən L.Ostin “Norveç, Belçika, Portuqaliya və Polşa təlim keçilməsinə töhfə verməyi təklif edib. Bu mühüm təşəbbüsdə daha çox ölkənin iştirakını gözləyirik”,- deyə vurğulayıb.
Hava məkanına nəzarətin əsas məsələ olduğuna diqqət çəkən ABŞ Baş Qərargah rəisi Milli “Ukrayna son bir il yarımda öz hava məkanını qorumağın ən sürətli və ucuz yolunun hava hücumundan müdafiədən istifadə etmək olduğunu effektiv şəkildə nümayiş etdirdi” deyə qeyd edib.
ABŞ-ın bu səbəblə ilk növbədə inteqrasiya olunmuş, aşağı hündürlük, qısa mənzilli, orta hündürlük, orta mənzilli, yüksək və yüksək mənzilli müdafiə sistemləri təmin etdiyini dilə gətirən Milli Ukraynanın bütün silah sistemlərini effektiv şəkildə istifadə etdiyini söyləyib.
