“Polyak siyasətçilərin (gələcək) nəsilləri” Almaniyadan hərbi təzminatın alınmasına nail olmağa çalışacaqlar.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski bəyan edib.
Xatırladaq ki, rəsmi Varşava daha öncə bildirib ki, İkinci Dünya müharibəsinin zərərlərinə görə təzminat qismində Almaniyadan təxminən 1,3 trilyon dollar tələb edir. Hətta bununla bağlı Polşa Xarici İşlər Nazirliyinin (XİN) xətti ilə Almaniyya müvafiq nota da göndərilib.
“Bu, uzun proses olacaq, bu, hətta onilliklər davam edəcək, lakin biz heç vaxt bundan (təzminat tələbindən) əl çəkməyəcəyik“, – deyə Moravetski qeyd edib.
“Siyasətçilərin növbəti nəsilləri buna nail olacaqlar, çünki bunu təkcə çoxlu gözyaşı və qan, maddi və qeyri-maddi itkilər tələb etmir, həm də haqq, ədalət, əsas dəyərlər tələb edir“, – deyə o əlavə edib.
“Təzminatlar Almaniya üçün də sərfəli olacaq. Mən bilirəm ki, bu, şokedici səslənə bilər, lakin bizim polyak-alman münasibətlərimiz üçün, – ümid edirəm ki, biz növbəti min ili də yanbayan yaşayacağıq, – bu əbədi itkilərin, həmin gözyaşlarının və çoxlu qanların düzəldilməsi, ən azından minimal həddə, təzminatların qəbul edilməsi yolu ilə, olduqca müsbət bir şey olardı“, – deyə o əlavə edib.
Polşa hökumət başçısının sözlərinə görə, təzminatların ödəniləcəyi halda “Polşanın Almaniyaya münasibəti, polyakların almanlara münasibəti, şübhəsiz, düzələrdi“.
Qeyd edək ki, Almaniya hökuməti dəfələrlə bəyan edib ki, Polşaya ödənişlər etmək niyyətində deyillər: rəsmi Berlin hesab edir ki, artıq kifayət qədər böyük təzminatlar ödənilib və Polşanın 1953-cü ildə təzminatlardan imtina etməsi məsələsini şübhə altına almaq üçün əsas yoxdur.
Hər iki Avropa İttifaqına (Aİ) və NATO-ya üzvdür.