Moskva və Minsk arasında Rusiyaya məxsus qeyri-strateji nüvə silahının Belarus ərazisində xüsusi anbarda saxlanılması qaydası müəyyənləşdirilib.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya və Belarus müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xrenin sənədlər imzalayıblar.
Xrenin deyib ki, Belarus Rusiya Federasiyası ilə hərbi sahədəki strateji müttəfiqlik münasibətlərinin inkişafının davamında maraqlıdır.
Onun sözlərinə görə, hazırda kollektiv Qərb tərəfindən Belarus və Rusiyaya “bizim dövlətlərimizin milli təhlükəsizliyinin təminatı ilə bağlı bütün sahələrdə” misilsiz təzyiq göstərilir.
Xrenin bildirib ki, hazırda dünyaya təkqütblülük prinsipləri qəbul etdirilməyə çalışılır; sözügedən prinsiplər isə bəzi dövlətlərin maraqlarını təmin edir.
“Həmin dövlətlərin rəhbərliklərinin fikrincə, onlar “müstəsna”dırlar. Belə bir şəraitdə Belarus Respublikası bizim doktrin sənədlərimizdəki öhdəliklərimizin möhkəmlədilməsi və ikitərəfli qarşılıqlı əlaqəkırunin dərinləşdirilməsi, həmçinin bizimlə güc mövqeyindən danışıqların məqsədəuyğunluluğunu sıfıra endirəcək şəraitin yaradılması və tədbirlərin qəbulu yolu ilə hərbi sahədə Rusiya Federasiyası ilə strateji Müttəfiqlik münasibətlərinin inkişafının davamında maraqlıdır“, – deyə Xrenin qeyd edib.
“Qeyri-strateji nüvə silahının (Belarusda) yerləşdirilməsi bizə dost olmayan ölkələrin aqressiv siyasətinə qarşı işlək cavabdır“, – deyə o əlavə edib.
Şoyqu da, öz növbəsinbə, deyib ki, Rusiya Belarus ərazisində strateji olmayan nüvə silahını yerləşdirməklə onu Belarusa təhvil vermir.
“Rusiya nüvə silahını Belarus Respublikasına vermir: ona nəzarət və onun tətbiqinə dair qərar Rusiya tərəfində qalır“, – deyə rusiyalı nazir bəyan edib.
O vurğulayıb ki, “gələcəkdə Müttəfiq dövlətin (Rusiya və Belarus – red.) təhlükəsizliyinin və hərbi-siyasi şəraitə reaksiyanın təminatı üzrə əlavə tədbirlər də görülə bilər”.
Şoyqu qeyd edib ki, iki ölkənin atdığı addımlar “bütün cari beynəlxalq-hüquqi öhdəliklərə müvafiqdir“.