Rusiya-Ukrayna müharibəsinin fonunda Tbilisinin Moskva ilə ticari-iqtisadi əlaqələri davam etdirməsi ilə bağlı ABŞ və Avropa İttifaqının (Aİ) narazılığı məntiqsizdir.
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.
Xatırladaq ki, Aİ rəsmisi Gürcüstanla Rusiya arasındakı birbaşa uçuşların bərpası ilə bağlı narazılığını bildirib. ABŞ Dövlət Departamenti isə rəsmi Tbilisini dolayı yolla sanksiyalarla hədələyib.
“Mənim avropalı, amerikalı dostlarıma sual: əziz dostlar, (Gürcüstandakı 2008-ci il avqust müharibəsindən) sonra siz adi rejimdə Rusiya ilə olan biznesi davam etdirirdniz… Məntiq haradadır?“, – deyə Qaribaşvili qeyd edib.
Onun sözlərinə görə, 2008-ci ildə dünyada heç kim Kremlə qarşı sanksiyalar tətbiq etməmişdi. 2008-ci ildən 2022-ci ilədək dövrdə təkcə Aİ Rusiyadan 2,3 trilyon dollarlıq məhsul alıb.
Bundan başqa, hazırda Aİ ilə Rusiya arasındakı 4-günlük ticarət həcmi Gürcüstanın Rusiya ilə olan 1-illik ticarəti həcminə bərabərdir.
Qaribaşvili deyib ki, 2022-ci ildə Gürcüstan Rusiya ilə təxminən 2,5 milyard dollarlıq ticarət edib ki, bu da Rusiyanın bütün ticarət dövriyyəsinni cəmi 0,3 faizidir.
Avropa İttifaqı isə, “Avrostat”ın məlumatlarına görə, 2022-ci ildə Rusiya ilə təxminən 260 milyard dollarlıq alış-veriş edib və bu, 8 il ərzindəki maksimum olub.
Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, uçuşlar ticari-iqtisadi münasibətlərin bir hissəsidir, ona görə də Gürcüstan Rusiyaya birbaşa uçuşların bərpasına qarşı çıxmayıb.
Onun sözlərinə görə, Tbilisinin uçuşların bərpasından imtinası Rusiyaya qarşı sanksiyaların tətbiqinə bərabər olardı ki, Tbilisi bunu etmək niyyətində deyil.
“Əgər biz Rusiyaya qarşı bu cür ikitrəfli iqtisadi sanksiyalar tətbiq etsək, Gürcüstan iqtisadiyyatı dağılacaq, biz xalqımıza zərər vuracağıq“, – deyə Qaribaşvili əlavə edib.