Rusiyaya qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı istənilən addım Gürcüstan üçün risklidir.
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan parlamentinin sədri Şalva Papuşvili fikir bildirib.
“Vizaların tətbiqi, sərhədlərin qapadılması, uçuşların qadağası ilə bağlı istənilən addım ölkənin (Gürcüstanın) Rusiya ilə münasibətlərinin gərgiləşməsi deməkdir“, – deyə o qeyd edib.
Papuaşvilinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəyi halda cavab tədbirlərinin də görülməsi gözləniləndir və həmin bu qarşılıq tədbirləri Gürcüstanın təhlükəsizliyi üçün təhdid yaradacaq.
“Hər kəsə xatırladaq ki, Rusiya ordusu paytaxtdan (Tbilisidən) 30 km və Gürcüstanın qərbi ilə şərqini birləşdirən əsas magistraldan 500 metr məsafədədir. Bu, bizim ölkəmizin sahib olduğu çox böyük bir riskdir“, – deyə o bildirib.
Bundan başqa, o deyib ki, Rusiya tərəfindən Cənubi Osetiya və Abxaziyanın ilhaq riski də var.
“Odur ki, vizalar tətbiq etməyi, sərhədi bağlamağı, uçuşları qadağan etməyi, hava məkanını qapatmağı və başqa addımları təklif edənlər, əslində, bizə deyirlər ki, biz risk edərək Rusiya ilə münasibətlərin eskalasiyasına (şiddətlənməsinə) getməliyik, müvafiq olaraq da, Rusiya ilə mümkün hərbi qarşıdurmaya daxil olmalıyıq“, – deyə parlament sədri əlavə edib.
Papuaşvili vurğulayıb ki, mühüm olan məqam da budur ki, rəsmi Tbilisiyə bu cür təhlükəli addımları atmağı təklif edənlər Gürcüstana nə təhlükəsizliklə bağlı, nə də iqtisadi mühafizə ilə bağlı zəmanət verirlər.