Az.shafaqna.com RBC-a istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov hökumət və baş nazirin istefasına dair fərman imzalayıb.

Fərman dövlət başçısının saytında yerləşdirilib.

Sənəddə deyilir ki, baş nazir və nazirlərin müavini vəzifələrini tutanlar vəzifələrinin icrasını nazirlər kabinetinin yeni tərkibi formalaşdırılanadək davam etdirəcəklər.

Ölkədəki iğtişaşlar başlamazdan öncə də baş nazir postunu tutan Kubatbek Boronov da istefaya göndərilib. Ölkə parlamenti müvafiq qərarı hələ 6 oktyabrda qəbul edib və onun yerinə həbsdən azad edilən eks-deputat Sadır Japarovu təyin edib. Lakin ötən gün prezidentin mətbuat katibi Tolqonay Stamaliyeva bildirib ki, Boronovoun istefası baş tutmuş sayılmır, çünki dövlət başçısı istefanı hələ qəbul etməyib.

Prezident daha bir fərmanla Dövlət Milli Təhlükəsizlik Komitəsinin başçısı Orozbek Opumbayevi də istefaya göndərib.

Xatırladaq ki, parlamentin natamam tərkibi tərəfindən Japarovun 6 oktyabrda baş nazir təyin edilməsi müxalifətdə parçalanmaya səbəb olub. Ölkədə iki koordinasiya şurası (KŞ) əmələ gəlib: onlardan birinin tərəfdarları Japarovu baş nazir kimi dəstəkləyir, digəri isə yox. 9 oktyabrda səhər saatlarında “Respublika”, “Ata Meken”, “Bir Bol” və “İslahat” partiyalarının (birici KŞ-a daxildirlər) liderləri baş nazir postuna daha bir namizədin adını irəli sürübləri – “Respublika” partiyasının lideri Babanov Omurbeki.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra 5 oktyabrda Qırğızıstandakı siyasi böhran kəskinləşib. MSK bildirib ki, 16 partiyadan yalnız 4-ü 7%-lik həddi keçə bilib. Bundan sonra ölkədə seçki nəticələri ilə razı olmayanların kütləvi etirazları başlayıb, hüquq-mühafizə əməkdaşları ilə toqquşmalar baş verib – yüzlərlə insan xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib. Daha sonra MSK seçki nəticələrini ləğv edib.