BMT Sudana humanitar yardım edilmәsi ilә әlaqәdar çağırış edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Sudandakı böhrandan zərər çəkənlərin humanitar ehtiyaclarını ödəmək üçün təxminən 2,6 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Bu barədə BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında bildirilib. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) humanitar müdaxilə planını və qaçqınlara qarşı regional müdaxilə planını açıqlayıb.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Cenevrədəki nümayəndəsi Rameş Rajasingam aprelin 15-də Sudanda başlayan münaqişələrin milyonlarla insanın həyatına mənfi təsir etdiyinə diqqət çəkib.

“Sudandakı insanların səhiyyə xidmətlərindən istifadə etmək imkanı yoxdur. Bir milyona yaxın sudanlı məcburi köçkün vəziyyətinə düşüb və qonşu ölkələrə köçüb. Bu gün ölkədə yaşayan  25 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var. Bu gün işə saldığımız müdaxilə planı bu reallığı əks etdirir”,-deyə Rameş Rajasingam deyib.

Müdaxilə planı ilə 18 milyon insana yardım etməyi hədəflədiklərini ifadə edən Rajasingam bu il Sudandakı ehtiyacların ödənilməsi üçün  təxminən 2,6 milyard dollar vəsaitə ehtiyac olduğunu bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının əməliyyatlar üzrə müavini Rauf Mazou da Sudandakı günahsız insanların humanitar ehtiyaclarının ödənilməsi ilə əlaqədar imkanı olan ölkələrə çağırış edib.

“Bu gün biz 6 ayda bir milyondan çox insanın əsas ehtiyaclarına cavab vermək üçün təxminən 472 milyon dollarlıq yardım çağırışına start verdik”,-deyə Rauf Mazou qeyd edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş