Rəsmi Moskva Türkiyə müxalifətinin Rusiyanın bu ölkədəki seçkilərə müdaxiləsi ilə bağı ittihamlarını əsla qəbul etmir.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CHP sədri Kəmal Kılıçdaroğlunun fikirlərinə münasibət bildirərkən danışıb.
“Cənab Kılıçdaroğlunun bəyanatı Türkiyədə böyük səs-küyə səbəb oldu. Biz dərhal bəyan etdik ki, Türkiyədəki seçkilərə müdaxilə ilə bağlı ittihamları əsla qəbul etmirik. Bundan söhbət belə gedə bilməz“, – deyə o qeyd edib.
“(Türkiyə) müxalifətinin lideri deyib ki, onun (Rusiya müdaxiləsi ilə bağlı) sübutları var. O, hələ də onları təqdim etməyib. Əminik ki, o, bunu edə bilməyəcək, çünki onlar (sübutlar) həqiqətən də yoxdur“, – deyə Peskov bəyan edib.
“Biz Türkiyə müxalifətinin belə bir bəyanatına görə olduqca məyus olduq“, – deyə Kreml rəsmisi bildirib.
Peskov məhz CHP-nin özünü Türkiyə Respublikasının qurucusu Atatürkün birbaşa varisi adlandırdığını diqqət çəkərək xatırladıb ki, Atatürk Rusiya-Tükriyə münasibətlərinin inkişafının tərəfdarı olub.
“Cənab Kılıçdaroğlunun sözügedən bəyanatı isə Atatürkün baxış bucağı ilə açıq şəkildə ziddir və ona əksdir“, – deyə o vurğulayıb.
Peskov Rusiya-Türkiyə arasındakı münasibətlərin Kreml üçün dəyərli olduğunu qeyd edərək bir çox sahələrdə qarşılıqlı əlaqələrin mövcud olduğunu və onları hər iki xalq üçün qarşılı səmərəli olduğunu əlavə edib.
“Və, əlbəttə ki, biz Türkiyə xalqının seçiminə hörmətlə yanaşacağıq“, – deyə o, sonda qeyd edib.