Az.shafaqna.com “interpressnews”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası məsələsi ilə bağlı başladılan araşdırmanı siyasiləşdirməməyə çağırıb.

Onun sözlərinə görə, bu məsələ Gürcüstanın daxili işidir və Azərbaycanla olan strateji həmkarlığa ziyan vura bilməz.

Hazırkı araşdırmaya öz münasibətimi bildirməliyəm, çünki, gördüyünüz kimi, məsələni siyasiləşdirmək cəhdləri bitmir və bu, tamamilə yolverilməzdir. Hamımız unutmamalıyıq ki, araşdırma başa çatmalı və yalnız bundan sonra yekun nəticələr çıxarmalıyıq. Məsələ o qədər mühümdür ki, bununla bağlı istənilən siyasiləşdirmə və siyasi spekulyasiyalar sadəcə olaraq ölkəyə zərər vurur”, – deyə o bildirib.

Qaxariya deyib ki, Gürcüstan Azərbaycanı strateji həmkar hesab edir və “bu, istənilən halda bu cür də davam edəcək”.

Demək istəyirəm ki, məhz buna görə də nə tamamilə Gürcüstanın daxili işi olan araşdırmanın başladılması faktı, nə də araşdırma nəticəsində yenidən ortaya çıxmış və artıq Azərbaycandan olan həmkarlarımızla bölüşdüyümüz hallar bizim iki ölkələrimiz arasındakı strateji həmkarlığa ziyan vura bilər. Bunu vurğulamaq lazımdır və əlbəttə ki, ölkənin maraqlarına əsaslanaraq bir daha hər kəsi məsələni siyasiləşdirməməyə çağırmaq istəyirəm”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Gürcüstanda Keşikçidağ məbədi ilə bağlı 2 məmur tutulub.