
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Baş nazir Kubatbek Boronovun olduğu yer bəlli deyil.
Bu barədə ölkənin Təhlükəsizlik Şurası başçısının müavini Omurbek Suvanaliyev məlumat verib.
O deyib ki, təhlükəsizlik məqsədi ilə ölkə sərhədlərinin qapadılması qərarı qəbul edilib.
Suvanaliyevin sözlərinə görə, ölkənin birinci şəxsləri etiraz aksiyalarının başlamasından bəri kütlə önündə görünməyib. İnternetdə prezidentin bir neçə müraciəti dərc edilsə də, onların harada çəkildiyi məlum deyil.
“Vəzifəli şəxslər iş yerlərini tərk ediblər, onlar gizli yerlərdədirlər. Harada olduqlarını dəqiq deyə bilmirik, onların bir çoxu gizlənir. Onların bir hissəsi, Boronovun bildirdiyi kimi, uzaqdan işləyir və istefa verməyiblər. Bu cür revanşistlərin (qisas siyasəti yeridən – red.) sayı çoxdur və bu, böyük toqquşmalara səbəb olar bilər”, – deyə o bildirib.
Suvanaliyev əlavə edib ki, ölkədəki siyasi vəziyyət gərgin olaraq qalmağa davam edir.
“Siyasi partiyalar razılaşa bilmir. Biz toqquşmalara yol verməmək üçün güc bloku ilə bütün tədbirləri görürük. Vəziyyətin sabitliyini pozmamaq üçün partiyalar danışıqlar masası arxasında əyləşməlidir”, – deyə o qeyd edib.
Xatırladaq ki, 5 oktyabrda Qırğızıstanda parlament seçkilərinin nəticələrini tanımayan müxalifətin etiraz aksiyaları başlayıb. Hüquq-mühafizə əməkdaşları parlament binasına daxil olmaq istəyən nümayişçilərə qarşı güc tətbiq ediblər. Bişkekdəki toqquşmalar bütün gecəni davam edib, səhərə yaxın etirazçılar prezident ofisinin də olduğu parlament binasını ələ keçiriblər.
6 oktyabrda MSK parlament seçkilərinin nəticələrini ləğv edib.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, mindən çox insan tibbi yardım üçün müraciət edib, 1 nəfər isə aldığı travmalardan həyatını itirib.






























