
Az.shafaqna.com “Aftonbladet”-ə istinadən xəbər verir ki, BMT Baş katibi Antoniu Quterreş koronavirus pandemiyası ilə bağlı 2 mümkün ssenari haqda danışıb.
Onun sözlərinə görə, optimistik və pessimistik proqnoz var.
1-ci ssenariyə əsasən, bütün ölkələr, o cümlədən inkişaf edən ölkələr, vəziyyətin öhdəsindən uğurla gələcək və 9 ay ərzində bütün ölkələr üçün əlçatan olacaq koronavirus vaksini hazırlanacaq.
“Əgər hər şey belə baş versə, iqtisadiyyat tədricən bərpa olacaq, biz düzgün istiqamətdə hərəkətə başlayacağıq ki, 2-3 ildən sonra müəyyən səviyyədə normal vəziyyətə dönək”, – deyə o qeyd edib.
Əgər pis ssenari baş versə və xəstəlik yayılmağa davam etsə, bu, inkişaf edən ölkələrə mənfi təsir göstərəcək.
“Əgər bu ssenari reallaşsa, biz seqreqasiya, populizm və ksenofobiyanın necə artdığını görəcəyik. Hər ölkə ya müstəqil şəkildə hərəkət edəcək, ya da yalnız bəzi konkret vəzifələr üzrə əməkdaşlıq etmək istəyən koalisiyalarda hərəkət edəcək”, – deyə o xəbərdarlıq edib.
Onun fikrincə, bu, 5-7 illiyinə qlobal depressiyaya səbəb ola bilər.
O əlavə edib ki, dünyanın hələ hansı ssenariyə doğru hərəkət etdiyi aydın deyil.






























