Yaponiya əhalisi sürətlə azalır – 50 İLLİK PROQNOZ

Yaponiyanın əhalisi yaxın 50 il ərzində 30% azalaraq 87 milyon nəfər olacaq.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Əhali İnstitutundan məlumat verilib.

Belə ki, 2070-ci il üçün Sakit Okeanda yerləşən bu ada dövlətinin sakinlərinin sayı 2020-ci illə müqayisədə 1/3 qədər az olacaq.

Yenilənmiş proqnoza əsasən, 2020-ci ildə Yaponiya əhalisi 126,1 milyon nəfər olub və artıq 2056-cı ildə 100 milyondan az olacaq.

Ölkədə 3 aydan çox qalan əcnəbilərin, o cümlədən də tələbələr və işçilərin sayı 2020-ci ildən 2070-ci ilədək 2,2%-dən 10,8%-dək artacaq.

Proqnoza əsasən, 2022-ci ildə 800 mindən aşağı düşən doğum göstəricisi 2043-cü il üçün 700 mindən də aşağı düşəcək, 2070-ci il üçün isə illik doğum sayı 500 min nəfər olacaq.

Qeyd edək ki, Yaponiyanın sosial təminat sistemini ayaqda saxladığı hesab edilən 15-64 yaşlı əhalinin sayı 2020-ci ildə 75 milyon nəfər olub. İnstitutun qiymətləndirməsinə görə, 2070-ci ildə bu əhali seqmenti 45,3 milyon nəfərədək azalacaq.

Bu məqaləni paylaş