Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Ankara Kanada rəhbərliyinin Qarabağ münaqişəsində istifadə bəhanəsi ilə Türkiyəyə müdafiə texnologiyaları və silahların ixracına olan lisenziyaların fəaliyyətinin dayandırılmasına dair qərarını pisləyib.
“Həmin Kanada hazırkı zamanın ən qanlı humanitar faciələrindən biri hesab edilən Yəməndəki münaqişəyə aktiv şəkildə cəlb edilmiş ölkələrə silah tədarükü yolunda heç bir maneə qurmur”, – deyə Türkiyə XİN-dən bildirilib.
Qeyd edilir ki, Ottavanın Yaxın Şərqə silah tədarükü hətta BMT mütəxəssisləri tərəfindən belə sərt tənqidə məruz qalıb.
“Üstəlik, NATO üzrə müttəfiqlərinə silah ixracı yolunda yaradılan problemlərin heç bir izahı ola bilməz”, – deyə əlavə edilib.
Türkiyə XİN Kanadanı ikili standartlarda və Azərbaycan torpaqlarının Ermənistan rejimi tərəfindən işğalı faktına etinasızlıqda ittiham edib.
Ankara xatırladıb ki, Kanada hakimiyyəti daha öncələr də Türkiyəyə qarşı bu cür mövqe sərgiləyib.
“Ottavanı ikili standartlar siyasətindən imtina etməyə səsləyirik. Kanada hakimiyyəti anti-Türkiyə dairələrinin təsiri altından çıxmalı və dar siyasi məqsədlər çərçivəsində hərəkət etməməlidir”, – deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, Kanada XİN başçısı Türkiyəyə silah ixracını dayandırdığını bəyan edib.