Qüds şəhərində yerləşəm Məscidül-Əqsa, keçmişdə olduğu kimi, günümüzdə də müdaxilələr və hücumlara məruz qalmaqdadır.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, tarix boyu isə bu müqəddəs məkanı qoruyan hesabsız sayda müsəlmanlar olub. Onlardan biri isə Iğdırdan olan Həsən əl-Əqdərlidir.
Belə ki, türkiyəli jurnalist İlhan Bardakçı 1972-ci ildə əl-Əqsa məscidi ziyarət edir və orada yaşlı bir kişi ilə tanış olur. Həmin şəxs isə həmin ığdırlı baba idi.
“Mən 8-ci ağır artilleriya eskadronunun 36-cı batalyonunun 20-ci dəstəsindən olan onbaşı Həsənəm“, – deyə həmin zaman artıq 90 yaşında olan müsəlman baba jurnalistə bildirib.
Komandir Həsən deyibki, hələ 1915-ci ildə Osmanlı qoşunlarının tərkibində Süveyş kanalındakı reyddə iştirak edib və sonda o, 53 nəfərlik dəstənin tərkibində Qüdsdəki əl-Əqsa məscidinin mühafizəsi üçün burada qalır.
O deyib ki, həmin illərdə Osmanlı son və çətin illərini yaşamaqda idi, ordu dağılmaqda idi və onlara başçılıq edən leytenant müsəlman əsgərlərə səslənərək bildirdi: “məni İstanbula çağırırlar, mən isə sizdən xahiş edirəm – burada qalaraq əl-Əqsanı mühafizə edin“.
Beləcə, Həsən və digər əsgərlər Qüdsdə qalır.
1972-ci ildə artıq 65 il idi ki, Həsən əl-Əqsanı qorumağa davam edirdi, onun silahdaşlarının hamısı isə dünyasını dəyişmişdi. Həmin il onun 90 yaşının olmasına baxmayaraq, özünü xidmətdə olan əsgər hesab etməyə davam edirdi.
Həsənlə görüşdən 10 il sonra – 1982-ci ildə jurnalistə teleqram gəlir ki, ömrünü əl-Əqsanın mühafizə və müdafiəsinə həsr edən Həsən baba 100 yaşında gözlərini yumaraq əbədiyyətə qovuşub.
Qeyd edək ki, Iğdır əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil edir.
