Netanyahunun Əqsa məscidinə fanatik yəhudilərin basqınlarına dair qərarı

Az.shafaqna.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netanyahu işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə fanatik yəhudilərin basqınlarını Ramazan ayının sonuna qədər dayandırmaq qərarına gəlib.

İsrail Baş Nazirliyinin açıqlamasında Baş nazir Netanyahunun müdafiə naziri Yoav Qallant, milli təhlükəsizlik naziri və təhlükəsizlik bölmələrinin rəhbərləri ilə vəziyyəti hərtərəfli dəyərləndirdiyi qeyd edilib.

Açıqlamada vəziyyətin qiymətləndirilməsində İordan çayının qərb sahili, Qüds və Əqsa məscidi də daxil olmaqla İsraildəki təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilib.

Qeyd olunub ki, Baş nazir Netanyahu və nazirlər Pasxa bayramının sonunu qeyd etmək üçün Əqsa məscidinə bitişik Ağlama divarına gedəcək yəhudiləri qorumaq və oraya gedən yolların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi əməliyyat qüvvələrinin səfərbər edilməsi əmrini veriblər.

Açıqlamada müdafiə naziri Qallant, Baş Qərargah rəisi Herzi Halevi, Daxili Kəşfiyyat Təşkilatının rəhbəri Şin-Betin (Şabak) sədri Ronen Bar və polis rəisi Yaakov Şabtayın məsləhəti ilə Baş nazir Netanyahunun “Yəhudi ziyarətçilər və turistlərin” Ramazan ayının sonuna qədər Əqsa məscidinə girmələrinə mane olunmasına qərar verdiyi bildirilib.

Koalisiya hökumətinin ifrat sağçı tərəfdaşlarından olan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Netanyahunun qərarına reaksiya verib.

İsrail mətbuatının yazdığına görə, Ben-Gvir Əqsa məscidinin yəhudi köçkünlərə bağlanması qərarının bölgəyə “sülh gətirməyəcək ciddi bir səhv” olduğunu ifadə edərək, bunun “gərginliyi daha da artıra biləcəyini” iddia edib.

Xatırladaq ki, fanatik yəhudilər 5-13 aprel Pasxa bayramında Aksaya basqın çağırışlarını artırdılar.

Bu tarixlərdə basqın gözləyən fələstinlilər Ramazan ayında müsəlmanları Əqsa məscidində etikafa çağırıblar.

Bu məqaləni paylaş