president.az

Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir.

Az.shafaqna.com xəbər verir ki, bunu sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirib.

Prezident sözlərinin davamında deyib:

“Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanmışdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etmişdir.

Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.”

Çıxışın tam mətni